Kopiraytinq son dönəmlər dilimizdə istifadə olunan neologizm sözlər qrupuna daxildir. Müxtəlif məhsul və xidmətlər üçün reklam mətnlərinin, sloqanlarının, ssenarilərinin yazılması işidir. Eyni zamanda markalar üçün ad təkliflərinin verilməsi, markanın fəaliyyət sferasından asılı olaraq ona uyğun adın seçilməsi bura daxildir. Bu işi icra edən şəxsə isə kopirayter deyilir. Kopirayter art-direktor ilə birlikdə çalışır. Bu cütlük markalar üçün kreativ postlar hazırlayaraq, markanın mövcud bazarda fərqlənməyini təmin edir.
Reklam mətnləri çox peşəkar səviyyədə yazılmalıdır. Nəzərə alınmalıdır ki, o mətnləri hər təbəqədən olan şəxslər oxuyacaq və ya dinləyəcək. Bunun üçün də reklam mətnlərinin dili kifayət qədər sadə, hər kəs tərəfindən anlaşılacaq tərzdə olmalıdır. Bu işi isə dilimizin qaydalarını peşəkar səviyyədə bilən, məzmun tərtibatı sahəsində geniş təcrübəyə malik olan kopirayterlər bacarır.